Qiymətli Kağızlar
Mülki Məcəllədə qiymətli kağıza “Qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir” kimi izah verilir. Burada emtient dedikdə, qiymətli kağızı buraxan hüquqi şəxs nəzərdə tutulur. Yəni sadə dillə desək, hüquqi şəxs (emitent) öz biznesini genişləndirmək üçün qiymətli kağızı alan şəxs(lər)in qiymətli kağızı almaq üçün ödədiyi vəsaiti borc götürür və müəyyən müddət aralığında qiymətli kağız üzrə təsdiqlənmiş öhdəlikləri (3 ayda, 6 ayda və ya ildə 1 dəfə sabit faizi qiymətli kağızı alan şəxs(lər)ə ödəmək) yerinə yetirir. Həmin qiymətli kağız emitentin qiymətli kağız buraxılışı haqqında qərarında göstərilən qaydada müəyyən müddət keçdikdən sonra silinir və onun dəyəri qiymətli kağızı alan şəxsə geri ödənilir. Yuxarıda göstərilən qiymətli kağızın növü borc qiymətli kağızı və ya daha konkret olaraq istiqraz adlandırılır. Ümumiyyətlə istiqraz investisiya qiymətli kağızıdır və onun haqqında Mülki Məcəllədə ayrıca paraqrafda verilmişdir. Təbii ki, belə bir sual ortaya çıxır: İnvestor (qiymətli kağızı alan şəxs) emitentin buraxılan istiqrazın sabit faizini ödəyə biləcəyinə necə etibar etməlidir? Əlbəttə ki, istiqrazı almaq istəyən investor ilk növbədə həmin qiymətli kağızı buraxan şirkətin son 3 ildə açıqlanmış maliyyə hesabatlarına və qiymətli kağızın emissiya prospektinə (qiymətli kağızlar haqqında və emitent haqqında məlumatlar toplusu) nəzər yetirməlidi.
Həmçinin Mülki Məcəlləyə əsasən istiqrazlar təmin edilmiş də ola bilər. İstiqraz 3 halda təmin edilmiş hesab edilir: girovla təmin edilən, qarantiya ilə təmin edilən, dövlət və ya bələdiyyə zəmanəti ilə təmin edilən. Girovla təmin edilən istiqrazlar üzrə girov predmeti investisiya qiymətli kağızları, daşınmaz əmlak sertifikatları, daşınmaz və rəsmi reyestrdə üzərində mülkiyyət hüququ qeydə alınan daşınar əşyalar və ya ipoteka örtüyü ola bilər. Girovla təmin edilmiş istiqrazı buraxan emtient istiqraz üzrə öhdəliyini icra etmədikdə və ya lazımınca yerinə yetirmədikdə sərəncamçı öhdəliyin yerinə yetirilməməsi faktını araşdırır və təsdiqini tapdıqdan sonra girov predmetinə tutma yönəldir.
Burada sərəncamçı kimdir? İstiqraz təmin edilmiş olaraq buraxılırsa, həmin təminatın sərəncamçısı təyin olunur və o həmin təminatın qanunvericiliyin və emissiya prospektinin tələblərinə cavab verməsinə nəzarət məqsədi ilə istiqrazların mülkiyyətçilərinin xeyrinə öz adından təminatı girov saxlayan qismində çıxış edir. Təminatın sərəncamçısı investisiya şirkəti, mərkəzi depozitar və ya bank ola bilər. Yəni, emitent öhdəliyini icra etmədikdə həmin öhdəliyin yerinə yetirilməsi üçün girov predmetinə yönləndirilir. Qarantiya ilə təmin edilən istiqrazlarda isə müvafiq qarantiya emitent tərəfindən təqdim edilir və emitentin öhdəlikləri tam icra olunanadək sərəncamçıda saxlanılır. Dövlət zəmanəti ilə buraxılmış istiqrazlar isə adından göründüyü kimi dövlət tərəfindən buraxılan istiqrazlardır. Bunlar Maliyyə Nazirliyi tərəfindən qısamüddətli (91, 182, 364 günlük), ortamüddətli (1 ildən 5 ilə kimi) və uzunmüddətli (5 ildən artıq) olaraq buraxılır.