Müqavilə



Fiziki şəxslər üçün “Marja ticarəti” şərtləri ilə xarici valyutalarda və digər ticarət aktivlərində əməliyyatlarının aparılması haqqında 

REQLAMENT

 

 

 

1.      Əsas Anlayışlar

 

1.1. Hazırkı Reqlamentdə aşağıda verilmiş terminlər aşağıdakı mənaları ifadə edir:

 

·         “Müştəri” – hazırkı Reqlament çərçivəsində marja hesabı üzrə marja ticarəti əməliyyatları aparan fiziki şəxs və ya hüquqi şəxs deməkdir. 

·         “Ofert” - Maraqlı tərəflərə ünvanlanan təklifdir.  Belə təklif onu ünvanlayan şəxsin özünü təklifi qəbul edəcək şəxslə müqavilə bağlamış hesab etmək niyyətini ifadə edir. 

·         “MFX  Trading Station” – “MFX-Trading Investisiya Şirkəti” ASC (bundan sonra “Şirkət”) tərəfindən hazırkı Reqlament çərçivəsində müştərinin istifadəsi üçün təklif olunan və müştəriyə marja hesabı üzrə marja ticarəti əməliyyatları aparmağa imkan verən Elektron Ticarət Platformasıdır (ETP).

·         “Marja ticarəti Əməliyyatları” – Şirkət ilə müştəri arasında bir nağdsız xarici valyutanın digərinə alqısı və ya satqısı, habelə digər ticarət aktivlərinin nağdsız xarici valyutaya alqısı və ya satqısı üzrə sövdələşmələrdir. Göstərilən əməliyyatlar müvafiq bazarlarda valyuta məzənnəsinin və ya ticarət aktivlərinin qiymətlərinin dəyişməsi zamanı gəlir əldə edilməsi məqsədilə, ETP proqram-texniki kompleksi vasitəsilə alınan/satılan valyutanın eyni məbləğinə valyuta alqı-satqısı üzrə ən azı iki müqabil sövdələşmənin aparılmasını nəzərdə tutur.

·         “İnternet saytı” – “MFX-Trading Investisiya Şirkəti” ASC -nin www.mfx.az ünvanı ilə internet şəbəkəsində olan saytıdır.   

·         “Marjinal Ticarət” –  Valyutalaşma tarixinə müştərinin mövqeyini mütləq qaydada bağlamaqla, dəyişən marjanın məbləğindən bir neçə dəfə çox olan açıq mövqe məbləğinə həyata keçirilən arbitraj əməliyyatlarının aparılması şərtləridir.  Bu zaman əks-valyutada və ya ticarət aktivinin qiymət ekvivalentində valyutalaşma tarixinə marja əməliyyatları üzrə mümkün zərər müştərinin dəyişən marjasının cari məbləği ilə ödənməlidir.   

·         “İstifadəçi adı və Şifrə” - Müştərinin eyniləşdirilməsi məqsədilə şirkət tərəfindən müştəriyə verilən, hərf və rəqəmlərdən və ya digər birləşmələrdən ibarət müştərinin eyniləşdirmə şifrəsidir. İstifadəçi adı şifrə ilə birlikdə ETP-ya icazəli çıxışı təmin etmək üçün istifadə olunur.  

·         “Marja hesabı” – hazırkı Reqlamentdə nəzərdə tutulan marja ticarəti əməliyyatlarının nəticələri üzrə hesablaşmaların aparılması məqsədilə şirkət tərəfindən müştəriyə ETP proqram-texniki kompleksində açılan hesabdır.  

·         “Zəruri marja” – istənilən bir cüt valyutanın cari bazar məzənnəsi ilə dollar ekvivalentində mövqeyinin açılması və ya açıq mövqeyinin saxlanılması üçün zəruri olan məbləğdir.

·         “Qeyri-bazar kotirovkası” – Aşağıdakı şərtlərdən ən azı birinə uyğun olan kotirovkadır:

-          Əsaslandırılmamış əhəmiyyətli qiymət fərqinin olması;

-          Qiymət fərqinin yaranması ilə ən birinci səviyyəyə kiçik vaxt fasiləsi müddətində qiymətin qayıtması;

-          Bu kotirovka meydana çıxmazdan əvvəl qiymətdə sürətli artımın olmaması;

-          Bu kotirovkanın meydana çıxdığı an məzənnəyə əhəmiyyətli dərəcədə təsir göstərən makro-iqtisadi hadisələrin və ya korporativ xəbərlərin olmaması

-          O kotirovkadır ki, bazarda həmin kotirovka üzrə sövdələşməni yerinə yetirə biləcək qarşılıqlı tələbin olmaması səbəbindən göstərilən vaxtda belə kotirovka üzrə sövdələşmə həyata keçirmək mümkün deyildir.

 

·         “(Bazarda) cari valyuta (məzənnəsi) kotirovkası” – valyuta və ya birja bazarında müvafiq valyuta cütünün və ya ticarət aktivinin alqısı və ya satqısı üzrə marja ticarəti əməliyyatlarının aparılması məzənnəsi (ləri) deməkdir. İkitərəfli kotirovkaya ASK məzənnəsi (onun əsasında müştəri  alınan/satılan valyutanın əks-valyutaya alqısı üzrə ilkin şərtləri razılaşdıra bilir)  və BID məzənnəsi (onun əsasında Müştəri  alınan/satılan valyutanın kontr- valyutaya satışı üzrə ilkin şərtləri razılaşdıra bilir) daxildir.

·         “Saxlanılan sifariş” – Müştərinin şirkətə ETP vasitəsilə ötürülən, razılaşdırılmış şərtlərlə sövdələşmələrin həyata keçirilməsi üçün sərəncamıdır.

·         “Spred” – punktlarda (“pips”lərdə ), yəni valyuta məzənnəsi və ya digər aktivlərin qiymətinin dəyişməsinin minimum vahidlərində ifadə olunan, tələb (BID) məzənnəsi ilə təklif (ASK) məzənnəsi arasındakı fərq deməkdir. 

·         “Əsas Valyuta –Alınan/Satılan (baza) valyuta” – digər xarici valyutaya alınan və ya satılan valyutadır. Valyuta cütünü göstərən zaman alınan/satılan valyuta birinci göstərilir.

·         “Əks-valyuta” – (Qiymət valyutası) – vahidlərində əsas valyutanın qiymətinin ifadə olunduğu valyutadır.

·         ”Yenidən hesablama valyutası” – hər bir ticarət aləti üzrə açıq mövqelərin ekvivalentini və müştərinin ümumi açıq valyuta mövqeyini hesablamaq üçün valyutadır.

·         “Açıq valyuta mövqeyi” – Alınan/Satılan valyutanın və ya digər ticarət aktivinin, belə alınan/satılan valyutanın və ya digər ticarət aktivinin analoji məbləğinin əks-valyutaya satışı (alışı) ilə örtülməyən ümumi məbləğidir.

·         “Bağlı mövqelər” – hazırkı Reqlament çərçivəsində alınan (və ya satılan) valyutanın və ya digər ticarət aktivinin ümumi məbləğinin sıfıra barəbər olduğu əməliyyatların aparılmasıdır. 

·         “Uzun valyuta mövqeyi” – sövdələşmənin əsas alınan/satılan valyutasının və ya müvafiq ticarət aktivinin alışı zaman meydana çıxan mövqedir (alanın mövqeyi).

·         “Qısa valyuta mövqeyi” – sövdələşmənin əsas alınan/satılan valyutasının və ya müvafiq ticarət aktivinin satışı zaman meydana çıxan mövqedir (satanın mövqeyi).

·         “Valyuta Svopu” – fərqli valyutalaşma tarixləri və fərqli mübadilə məzənnələri olan alınan/satılan valyutanın eyni məbləğinə aparılan  iki əks konversiya sövdələşməsindən ibarət əməliyyatdır.

·         “Aparılmış əməliyyatlar barədə hesabat” – ticarət platformasında hazırlanan, özündə hesabat dövrünə həyata keçirilmiş marja ticarəti əməliyyatları barədə məlumatı, o cümlədən xüsusilə müştərinin açıq valyuta mövqeləri və marja hesabının vəziyyəti barədə məlumatı əks etdirən elektron sənəddir.

·         “Marja hesabından pul vəsaitlərinin çıxarılması üçün ərizə” – Müştərinin, onun marja hesabından pul vəsaitlərinin onun cari hesabına keçirilməsi üçün tapşırığıdır. Belə tapşırıq şirkət tərəfindən təqdim olunan formada tərtib olunur.  

·         “Nettinq”– Tərəflərin öhdəliklərinin/tələblərinin qarşılıqlı hesablanması və xalis, yekun  məbləğinin müəyyəп edilməsi prosedurudur.

·         “Öhdəliklərin pozulması” – Müştərinin öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozmasıdır. Öhdəliklərin pozulması sayılan hallar hazırkı Reqlamanetdə müəyyən olunmuşdur.

 

2.      Reqlamentin Statusu

 

2.1. Hazırkı reqlament (“Reqlament”), “MFX-Trading” ASC-nin (“Şirkət”) oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəf kimi çıxış edə bilən potensial müştərilərin onu aksept etməsi (təklifin qəbulu) vasitəsilə tərəflər arasında marja ticarətinə dair bağlanılan müqavilədir.  

2.2. Reqlamentin predmetini qiymətli kağızlar bazarına aid qanunvericiliyin və digər normativ hüquqi aktların tələbləri əsasında marja ticarəti xidməti ilə bağlı şirkət ilə müştərilərin hüquq və vəzifələrinin tənzimlənməsi təşkil edir. Hazırkı Reqlamentin şərtləri malların, qiymətli kağızların  və valyutaların real təchizatı (konversiyası) məqsədilə bağlanan sövdələşmələrə şamil edilmir və Tərəflərdən heç birinin digərindən hazırkı reqlament çərçivəsində aparılan əməliyyatlar/sövdələşmələr üzrə valyutanın və ya digər ticarət aktivlərinin real təchizatını tələb etmək hüququ yoxdur.

2.3. Reqlamentin məzmununa bütün maraqlı tərəflər  MFX-Trading ASC-nin  fiziki şəxslərə «Marja ticarəti» şərtləri ilə birja əməliyyatlarının aparılması barədə müqavilə bağlamaq üçün ünvanlandığı təklif (açıq oferta) kimi  baxmalıdırlar.  

2.4. Reqlamentin məzmunu MFX-Trading ASC-nin  www. MFX@az internet saytında dərc olunur.

2.5. Müqavilənin bağlanması Müştərinin Reqlamentin mətnini oxuyaraq tanış olmaqla şərtlərini sayt vasitəsilə qəbul etməsi (aksept) və ya fiziki iştirakla kağız daşıyıcısında olan mətni imzaları ilə təcdiq etməsi vasitəsilə həyata keçirilir.  

 

3.      MFX Trading Station Elektron Ticarət Platforması

 

3.1. MFX Trading Station Elektron Ticarət Platforması (“ETP”) müştəriyə məsafədən qoşulmaqla internet şəbəkəsi vasitəsilə marja hesabının açılması və ya bağlanması üzrə razılaşdırılması və ya icrası üçün sifariş yerləşdirməyə imkan verir.    

3.2. Elektron sənədlərin yaradılması, onların mübadiləsi qaydası, həmçinin ETP-nin istifadəsi üzrə digər məlumatlar ETP menyusunda  verilmiş İstifadəçi üçün Təlimatda öz əksini tapmışdır.

3.3. Müştəri ETP –yə qoşulmaq üçün lazımı texniki və kommunikasiya resurslarını özü və öz hesabına təmin edir, habelə ETP-də işləmək üçün lazımı proqram təminatını özü  kompüterinə yükləyir. Lazımı proqram təminatının distributiv paketi və onun quraşdırılmasına dair tövsiyələr  Şirkətin internet saytında yerləşdirilmişdir.  

3.4. Şirkət müştəri üçün istifadəçi adı və şifrə yaratmaqla hesab açır və müştəriyə ETP-yə çıxış hüququnu verir.

3.5. ETP –yə icazəli çıxış məlumatlarının maksimum məxfiliyini təmin etmək məqsədilə müştəriyə ilk marja ticarəti əməliyyatını aparmazdan əvvəl ona  Şirkət tərəfindən verilmiş istifadəçi şifrəsini dəyişdirmək tövsiyə olunur. Əks təqdirdə,  Şirkət, müştərinin şifrədən istifadə etməklə ETP –yə icazəsiz çıxış nəticəsində aparılmış marja ticarəti əməliyyatları üzrə sonrakı mümkün iddialarını yerinə yetirməkdən imtina etmək hüququna malikdir.  

3.6. İstifadəçi şifrəsinin itdiyi və ya üçüncü tərəflərə məlum olduğu hallarda müştəri belə faktlar barədə dərhal Şirkətə məlumat verməlidir.

3.7. Şirkət müştəridən aldığı məlumat əsasında ETP –yə çıxışı bağlayır və müştərinin öz marja hesabına daxil olub onu idarə edə bilməsi üçün yeni istifadəçi şifrəsi yaradır.  

 

4.      Hesablar

           

4.1. Əməliyyatların qeydiyyatının aparılması və tərəflərin hazırkı reqlament çərçivəsində həyata keçirdikləri sövdələşmələrin nəticələrinin əks olunması üçün şirkət,  müştəriyə, ETP-də, şirkət tərəfindən göstərilən bank hesabına müştəri tərəfindən köçürülən vəsaitlərin məbləğinin əks olunduğu marja hesabları açır.  

4.2. Marja hesablarına vəsaitlərin daxil edilməsi və müştərinin marja hesabları arasında vəsaitlərin transferi şirkət tərəfindən bir (1) iş günü ərzində həyata keçirilir.   

4.3. Müştərinin pul vəsaitlərinin marja hesabında əks oluna bilən minimum ilkin məbləği  şirkət tərəfindən müəyyən olunur və bazarda əməliyyatların aparılması üçün 300 (üç yüz) ABŞ dolları təşkil edir.

4.4. Müştərinin Marja hesabının cari vəziyyəti və onun tarixçəsi barədə məlumat  ETP terminalında əks olunur və müştərinin istəyi ilə müvafiq çıxarışla təsdiq oluna bilər.  

 

5.      Marja ticarəti sövdələşmələrinin bağlanması qaydası

 

5.1. Şirkət ümumdünya valyuta bazarının şərtlərinə və vəziyyətinə müvafiq olaraq ETP vasitəsilə müştəriyə xarici valyutaların və digər ticarət alətlərinin real vaxt rejimində cari bazar kotirovkalarını təqdim edir. Valyuta cütlüklərinin və digər ticarət alətlərinin siyahısı, mövqenin açılması üçün onların mümkün məbləğləri şirkət tərəfindən müəyyən edilir və ETP-nin müvafiq parametrlərində öz əksini tapır.   

5.2. Müştəri şirkətin ETP-də ticarətə başlamadan əvvəl:

 

 5.2.1.  Marjinal ticarət təcrübəsinin olduğunu sübut edən sənədləri təqdim edir,

 5.2.2. “Forex bazarında əməliyyatların aparılması ilə bağlı risklər haqqında BƏYANNAMƏ” sənədilə tanış olur və onu öz imzası ilə təsdiq edir.

 

5.3. Müştəri ETP vasitəsilə aşağıdakı növ sifarişləri təqdim edə bilər.

 

5.3.1.      Şirkətin cari kotirovkası ilə üst-üstə düşən məzənnədə təcili marja ticarəti əməliyyatlarının aparılması üçün Bazar sifarişi;

5.3.2.      Şirkətin, sifarişin yerləşdirilməsi anına, cari kotirovkalarından fərqli olan məzənnədə mövqeyin açılmasına və ya bağlanmasına yönələn marja ticarəti əməliyyatının aparılması üçün Saxlanılan sifarişi.

5.4. Saxlanılan sifarişlər də öz növbəsində aşağıdakı növlərə bölünür:

 

5.4.1.      Limit alış Sifarişi (Buy Limit) - Bazar kotirovkaları cari bazar qiymətindən müştərinin təyin etdiyi aşağı qiymətə çatdıqdan sonra Alınan/Satılan valyutanın alqısı yolu ilə mövqeyin açılmasına yönələn sifariş.

5.4.2.      Stop alış Sifarişi (Buy Stop) - Bazar kotirovkaları cari bazar qiymətindən müştərinin təyin etdiyi yuxarı qiymətə çatdıqdan sonra Alınan/Satılan valyutanın alqısı yolu ilə mövqeyin açılmasına yönələn sifariş.

5.4.3.      Limit satış sifarişi (Sell Limit) - Bazar kotirovkaları cari bazar qiymətindən müştərinin təyin etdiyi yuxarı qiymətə çatdıqdan sonra Alınan/Satılan valyutanın satışı yolu ilə mövqeyin açılmasına yönələn sifariş.

5.4.4.      Stop satış sifarişi (Sell Stop) - Bazar kotirovkaları cari bazar qiymətindən müştərinin təyin etdiyi aşağı qiymətə çatdıqdan sonra Alınan/Satılan valyutanın satışı yolu ilə mövqeyin açılmasına yönələn sifariş.

5.4.5.      Gəliri götür sifarişi (Take profit) – Müştərinin uzun mövqedə cari bazar qiymətindən yuxarıda olan və həmçinin qısa mövqedə aşağıda olan müəyyən olunmuş gəlir səviyyəsinə çatan zaman gəlirlərin götürülməsi məqsədi ilə irəli sürülən sifariş.

5.4.6.      Zərəri dayandır sifarişi (Stop Loss) - Müştərinin uzun mövqedə cari bazar qiymətindən aşağıda olan və həmçinin qısa mövqedə yuxarıda olan müəyyən olunmuş limit səviyyəsinə çatan zaman müştərinin açıq mövqeləri üçün zərər gətirən istiqamətdə hərəkət etməyə başladığı  təqdirdə zərəri minimuma endirmək məqsədilə irəli sürülən sifariş.

5.5. Müvafiq əməliyyatların aparılması üçün sifarişdə aşağıdakı əhəmiyyətli şərtlər və rekvizitlər göstərilməlidir:

 

5.5.1.      Müştəri tərəfindən şirkətə marja ticarəti əməliyyatının aparılması üçün təqdim olunan sifarişin verilmə tarixi və vaxtı;

5.5.2.      Alınan/Satılan valyuta (digər ticarət aktivi) və əks-valyuta;

5.5.3.      Alınan/Satılan valyutanın məbləği;

5.5.4.      Məzənnə və ya ticarət aktivi üzrə müvafiq birja qiyməti;

5.5.5.      Sifarişin növü;

5.5.6.      Saxlanılan sifarişin qüvvədə olduğu müddət;

5.5.7.      Marja ticarəti əməliyyatının aparılması üçün Müştəri tərəfindən ETP vasitəsilə təqdim olunan sifarişlər, özündə adətən göstərilən bütün əhəmiyyətli şərtləri əks etdirir. 

5.6.  Şirkət, müştərinin sifarişinin icrasından, icranın qeyri-bazar kotirovkası üzrə baş verdiyi təqdirdə imtina edə bilər.

 

5.7. Müştəri saxlanılan sifarişini kotirovkaların onun belə sifarişdə göstərdiyi məzənnəyə çatdığı ana qədər istənilən vaxt geri çağırmaq hüququna malikdir.

5.8. Müştərinin açıq valyuta mövqeyinin yeni Ticarət gününün yetişməsinə qədər açıq qaldığı təqdirdə hesab edilir ki, müştəri belə mövqenin valyuta svopu kimi əməliyyat şərtləri ilə növbəti tarixə keçirilməsinə razıdır.

5.9. Valyuta bazarında planlaşdırılan vəsait qalığının səviyyəsinin zəruri marjadan (margin call level) 100 (yüz) faizə və ondan aşağı düşməsinə səbəb olan məzənnə formalaşırsa, müştəri mümkün olan ən qısa müddət ərzində öz hesabına vəsait mədaxil etməli və ya açıq mövqelərinin bir hissəsini bağlamalıdır.

5.10.           Valyuta bazarında planlaşdırılan vəsait qalığının səviyyəsinin zəruri marjadan (stop-out level) 20 (iyirmi) faiz və ondan aşağı həddə düşməsinə səbəb olan məzənnə formalaşırsa, daha böyük zərərin qarşısını almaq məqsədilə ETP müştərinin açıq mövqelərini həmin an üçün formalaşmış cari bazar məzənnəsi ilə avtomatik olaraq bağlayır. Tərəflər qəbul edir ki, hazırkı Reqlamentlə müştəri belə marja ticarəti əməliyyatlarının aparılması üçün öz şərtsiz razılığını bildirir.  

5.11.           Eyni həcmli, lakin müxtəlif istiqamətlərdə eyni adla açılmış və sıfır girov səviyyəsi yaradan mövqelər üzrə hesablar bazarda tələb (BID) və təklif (ASK) məzənnələrinin genişlənməsi səbəbindən avtomatik olaraq bağlana bilər. Tərəflər qəbul edir ki, hazırkı reqlamentlə müştəri belə marja ticarəti əməliyyatlarının aparılması üçün öz şərtsiz razılığını bildirir.  

5.12.           ETP-də baş verən texniki nasazlıq nəticəsində müştərilərin əldə etdiyi gəlir və ya zərər şirkət tərəfindən müştəri hesabına əlavə edilə bilər və ya müvafiq olaraq silinə bilər.

5.13.           Tərəflərdən hər hansı birinin təşəbbüsü ilə hazırkı Reqlamentin ləğv edildiyi təqdirdə şirkətin birtərəfli qaydada müştərinin bütün açıq mövqelərini bağlamaq hüququ vardır.  

6.      Konversiya sövdələşmələrinin bağlanması qaydası

 

6.1. Konversiya sövdələşmələrinin bağlanmasının əsasını MFX ETP sistemində yaradılan aparılmış marja ticarəti əməliyyatlarının reyestri təşkil edir. Aparılmış marja ticarəti əməliyyatlarının reyestrində orada göstərilən hər bir marja ticarəti əməliyyatının aparıldığı vacib şərtlər ardıcıllıqla göstərilir.  

6.2. Əgər şirkətə müştərinin bağlanmış Konversiya Sövdələşmələrinin mahiyyəti ilə bağlı iddiaları daxil olubsa, o zaman şirkət belə iddiaların ona daxil olduğu andan etibarən 10 iş günü müddətində yerinə yetirilməsi ilə bağlı qərar qəbul edir.  Göstərilən müddətdə şirkət müştəriyə qəbul etdiyi qərar barədə telefonla məlumat verir, iddianı yerinə yetirməkdən imtina etdiyi təqdirdə isə müşəriyə əlavə olaraq elektron mesaj göndərməklə imtinasının səbəbini yazılı şəkildə əsaslandırır.

 

7.      Hesablaşma qaydası  

 

7.1. Müştəri istənilən vaxt marja hesabındakı pul vəsaitlərini özünün cari valyuta hesabına keçirə bilər. Bunun üçün müştəri şirkətə həmin vaxt hesabında olan faktiki qalığın (və ya qalığın bir hissəsi) məbləğində pul vəsaitinin çıxarılması üçün ərizə təqdim etməlidir. Marjinal hesabdan vəsaitin çıxarışı həyata keçirilərkən müştəriyə ilk növbədə onun tərəfindən milli valyuta ilə yatırılmış məbləğlərin yatırım zamanı mövcud olmuş məzənnə ilə hesablanmış hissəsi qaytarılır. Tələb olunan vəsaitin yerdə qalan hissəsi marjinal hesabın valyutası ilə icra olunur. Marja hesabından vəsaitlər, yalnız hazırkı reqlament çərçivəsində əməkdaşlığın təminatı olaraq müştəri tərəfindən ödənişin həyata keçirildiyi cari valyuta hesabına köçürülür.

7.2. Şirkət müştərinin tələbi ilə onun elektron poçt ünvanına elektron sənəd göndərməklə onunla aparılmış bütün əməliyyatlar barədə hesabat təqdim edir.   

7.3. Aparılmış əməliyyatlar barədə hesabatda verilən məlumatların məzmunu ilə bağlı iddiaların olduğu təqdirdə, müştəri dərhal şirkətə iddiaların olması faktı barədə məlumat verməli və öz iddialarının mahiyyətini açıqlamalıdır. Belə məlumat müştəri tərəfindən şirkətin elektron poçt ünvanına göndərilə bilər. Şirkətin aparılmış əməliyyatlar barədə hesabatı təqdim etdiyi andan etibarən 3 (üç) iş günü müddətində müştərinin belə hesabatın məzmunu ilə bağlı iddiasının olmasını göstərən məlumat almadığı təqdirdə hesab edilir ki, müştəri aparılmış əməliyyatlar barədə aldığı hesabatda verilən məlumatların düzgün olduğunu təsdiq etmişdir və gələcəkdə şirkətə sənədin məzmunu ilə bağlı hər hansı iddia irəli sürə bilməz. 

 

8.      Reqlamentə dəyişiklik və əlavələr

 

8.1.Şirkətin bir tərəfli qaydada hazırkı reqlamentə istənilən dəyişiklik və əlavəni etmək hüququ vardır.  Şirkət tərəfindən hazırkı reqlamentə qanunvericiliyin və ya tənzimləyici orqanların normativ hüquqi aktlarının dəyişməsi ilə əlaqədar edilən dəyişiklik və əlavələr müvafiq dəyişikliklərin qüvvəyə minməsi ilə eyni vaxtda qüvvəyə minir.

8.2. Şirkətin öz təşəbbüsü ilə reqlamentə etdiyi və qanunvericiliyin, tənzimləyici orqanların normativ hüquqi aktlarının dəyişməsi ilə əlaqədar olmayan dəyişiklik və əlavələrin qüvvəyə minməsi üçün, şirkət, məlumatların ilkin açıqlanması üzrə məcburi proseduru yerinə yetirir. Məlumatların ilkin açıqlanması şirkət tərəfindən müştərilərə planlaşdırılan dəyişikliklər barədə xəbərdarlıq göndərməklə dəyişiklik və əlavələrin qüvvəyə minməsindən əvvəl 10 (on) təqvim günündən gec olmayaraq həyata keçirilir.

8.3.Reqlamentə istənilən dəyişiklik və əlavələr hazırkı bölmənin prosedurlarına müvafiq olaraq qüvvəyə mindikləri andan etibarən hazırkı reqlamentin icra edilməsi ilə bilavasitə əlaqəsi olan bütün şəxslərə bərabər qaydada şamil edilir. Şirkət tərəfindən reqlamentə edilən dəyişiklik və əlavələrə razı olmadığı təqdirdə müştərinin belə dəyişiklik və əlavələr qüvvəyə minməzdən əvvəl reqlamentin icrasından imtina etmək hüququ vardır.

9.      Tərəflərin məsuliyyəti

 

9.1.Tərəflər qarşılıqlı öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımı şəkildə yerinə yetirilməməsinə görə hazırkı reqlamentin müddəalarına əsasən Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.

9.2. Şirkət üçüncü tərəflərin müştərinin marja hesabının idarəedilməsinə icazəsiz çıxışı nəticəsində müştəriyə dəyən mümkün zərərə görə məsuliyyət daşımır.

 

9.3. Müştəri aktivlərinin cinayət yolu ilə qazanılmasına və ya bu aktivlərin terrorçuluğun maliyyələşdirilməsinə yönəldilməsi halları üzrə əsaslı şübhələr yarandıqda şirkət

qanunvericiliyin tələbləri üzrə addımlar atvaq hüququnu özündə saxlayır.

9.4. Şirkət müştərinin ona reqlamentdə nəzərdə tutulan müddətlərin və ya prosedurların pozulması ilə ünvanlanan hər hansı tapşırıqlarının yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.

9.5. Şirkət müştərinin hər hansı tapşırqlarının, belə tapşırıqların qəbulu üçün bilavasitə istifadə olunan kompüter şəbəkələrində, güclü elektrik şəbəkələrində, rabitə sistemlərində nasazlığın baş verməsi və/və ya marja ticarəti əməliyyatlarının və Konversiya sövdələşmələrinin aparılmasının başqa prosedurlarının təmin olunması, həmçinin üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri səbəbindən yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.

9.6. Tərəflər hazırkı reqlament üzrə fövqəladə vəziyyətin (fors-major hallarının) baş verməsi səbəbindən və ya təsirindən öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımı qaydada yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilir.

9.7. Şirkət müştərinin fəaliyyətinə aid bütün məlumatların məxfi saxlanılmasına zəmanət verir. Belə məlumatlar yalnız səlahiyyətləndirilmiş şəxslərə və ya mövcud qanunvericiliklə nəzərdə tutulan qaydada belə məlumatları almaq hüququ olan orqanlara verilə bilər. Məxfiliklə bağlı şərtlər qeyri-məhdud müddətə qüvvədədir.

9.8. Müştəri zəmanət verir ki, hazırkı reqlamentin qüvvədə olduğu müddətdə, reqlament çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə və reqlamentlə bağlı olan və qeydiyyatda olduğu, vətəndaşı olduğu və ya yerləşdiyi ölkədə nəzərdə tutulan rüsumların, vergilərin, komisyon haqların və hər hansı digər xərclərin ödənilməsinə özü cavdehdir.

9.9.Müştəri şirkəti reqlamentlə və müştərinin öz əməliyyatları ilə bağlı olan bütün xərclərdən və məsuliyyətdən qorumağı öhdəsinə götürür.

 

 

10.  Mübahisələrin həlli qaydası

 

10.1.           Şirkət ilə müştəri arasında reqlamentdə nəzərdə tutulan işlərin yerinə yetirilməsi ilə bağlı mübahisələr və fikir ayrılığı danışıqlar yolu ilə həll edilir. Mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, mübahisə predmeti mövcud qanunlar çərçivəsində həll olunması üçün tərəflərin istəyinə uyğun olaraq şirkətin yerləşdiyi ərazi üzrə məhkəmə orqanlarına təqdim olunmalıdır.

10.2.           Hazırkı Reqlamentin icrası çərçivəsində şirkət tərəfindən elektron poçt və telefon rabitəsi vasitəsilə müştəriyə göndərilən bütün hesabatları, bildirişləri və ya digər məlumatları, həmçinin müştəri tərəfindən şirkətə yönləndirilən sifarişləri və ya ötürülən bütün sənədləri, tərəflər reqlamentin icrası ilə bağlı mübahisəli halların yarandığı təqdirdə sübut kimi qəbul edirlər.

10.3.           Müştəri Şirkətə yazılı bildiriş göndərməklə istənilən vaxt (qanunvericiliyə görə vaxt Şirkət ilə müştəri arasında tənzimlənir) reqlamentdən imtina edə bilər. Müştərinin Reqlamentdən imtinası həmin vaxtda onun şirkət qarşısında hər hansı yerinə yetirilməməmiş öhdəliklərinin olmadığı təqdirdə qüvvəyə minir.

10.4.           Tərəflərdən hər hansı birinin təşəbbüsü ilə hazırkı reqlamentin ləğv edilməsi şirkətin hazırkı reqlament çərçivəsində müştəriyə açılmış marja hesabını bağlamasına şərtsiz əsas verir.