RİSKLƏR HAQQINDA MƏLUMAT


RİSKLƏR HAQQINDA MƏLUMAT

Fiziki şəxslər üçün “Margin Trading” şərtləri ilə

xarici valyuta və digər ticarət aktivlərində konversiya

arbitraj əməliyyatlarının aparılması 

 

REQLAMENTİNƏ  2 saylı Əlavə

 

 

FOREX BAZARINDA ƏMƏLİYYATLARIN APARILMASI İLƏ

BAĞLI RİSKLƏR HAQQINDA

BƏYANNAMƏ 

 

“MFX-Trading Investisiya Şirkəti” ASC  bildirir ki, Forex bazarında ticarət risklə bağlıdır. Hazırkı xəbərdarlıq məlumat xarakteri daşıyır və  bütün qeyd olunan risklərin birbaşa sizinlə baş verə biləcəyi anlamına gəlmir. Əsas məqsəd valyuta bazarındakı fəaliyyət nəticəsində yarana biləcək bütün ticarət və qeyri-ticarət riskləri barədə müştərini məlumatlandırmaqdır.  İlk öncə Forex bazarında ticarət fəaliyyətinə başlamaq məqsədinizi təhlil etməyi və itkisinin büdcənizə mənfi təsir göstərəcək məbləği heç vaxt depozit qoymamağı tövsiyə edirik. Zərəri kontrol edə bilməmək valyuta bazarında ticarəti təhlükəli edir. 

 

 

 KREDİT ÇİYNİ 

Kredit çiyni sizə yatırdığınızdan  daha çox vəsaitlə ticarət etməyə imkan verir. Lakin, o, sizin həm xeyrinizə, həm də ziyanınıza işləyə bilər. Eyni zamanda psixoloji faktor da mühüm rol oynayır. Bəzi treyderlər böyük həcmdə pul vəsaitləri ilə əməliyyat aparmaq üçün böyük məbləğdə kredit çiyni seçirlər. Bu, “risksiz qeyri-məhdud gəlir imkanları” illüziyası yaradır, amma, əslində həmişə belə olmur. Qoyulan pul vəsaitlərinin həcmi kredit çiyni hesabına böyük gəlir gətirə bilər, lakin, gəlirlə yanaşı, qoyulan depoziti praktik olaraq tam həcmdə itirmək ehtimalının da yarandığını gərək unutmayaq.  Diqqətlə təhlil edib kredit çiyninin elə bir səviyyəsini seçin ki, sizə yüksək risklərdən qorunmağa kömək etsin. 

 

 

MALİYYƏ ALƏTLƏRİNİN YÜKSƏK VOLATİLLİYİ 

Forex bazarında işləyən zaman istifadə olunan bir sıra ticarət alətləri gün ərzində böyük volatilliyə məruz qalırlar ki, bu da həm gəlir, həm də maliyyə zərəri ilə nəticələnə bilər. 

Müəyyən bazar şərtlərində spredlər həmişəkindən fərqli olaraq bir neçə bənd arta bilər. Xəbərlər çıxan zaman spredlər yüksək volatillik səviyyəsini kompensasiya etmək üçün əhəmiyyətlə dərəcədə arta bilər. Spredlərin artımı bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilər. Spredlərin artımı hesabın bütün pozisiyalarına, o cümlədən əks pozisiyalara mənfi təsir göstərə bilər. 

Yüksək volatillik səviyyəsi və ticarət həcminin artması ilə şərtlənən bir sıra hallarda orderin “sürüşməsi” baş verə bilər. Bu, adətən, vacib xəbərlər-hadisələr fonunda baş verir. 

Orderlərin icrasında çətinliklər bazar qiymətində güclü tərəddüdlərin baş verməsi və ya ticarət həcminin artması ilə bağlı ola bilər. Bu zaman bütün orderləri tələb olunan qiymət üzrə icra etmək üçün bazar likvidliyi kifayət etmir. Həm bu, həm də digər halda əməliyyat həmin an ən sərfəli olan qiymətə həyata keçirilir.  Bu qiymət, bir qayda olaraq, müştərinin orderi yerləşdirən zaman gördüyü qiymətdən fərqlənir. 

 

QİYMƏT FƏRQİ (GAP)

Yeni ticarət müddətinin açıldığı qiymət əvvəlki müddətin bağlandığı qiymətlə üst-üstə düşməyə bilər. Bəzi hallarda qiymətlərdəki fərq əhəmiyyətsiz ola bilər, digər hallarda isə ciddi qiymət fərqi yarana bilər. Qiymətlərdəki fərq, adətən, mühüm iqtisadi və digər xəbərlər çıxan zaman müşahidə olunur. Həftə sonu ərzində pozisiya və order saxlayan müştərilər belə dəyişikliyə hazır olmalıdırlar.

 

TEXNİKİ RİSK

Elə risklər mövcuddur ki, müştəri tərəfdə yarana bilər, məsələn: proqram və aparat təminatının sıradan çıxması, əlaqənin kəsilməsi, rabitə sistemlərində nasazlıq, ticarət platformasının düzgün qurulmaması və s. 

 

QANUNVERİCİLİKLƏ MÜƏYYƏN OLUNAN MƏHDUDİYYƏTLƏR 

Müştəri daimi yaşayış yeri olan ölkədə qeyri-qanuni sayılan əməliyyatlar aparmağa görə məsuliyyət daşıyır. Hər bir müştəri gəlirlərin səviyyəsi barədə müvafiq orqanları məlumatlandırmağa borcludur. 

 

FORS MAJOR HALLARI

Şirkət, təbii fəlakət, ekstremal hava şəraiti, müharibə təhlükəsi, terror aktı, inqilab, üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri, kütləvi iğtişaş, qiyam, dövlət orqanlarının qərarları və s. kimi fors major vəziyyəti ilə əlaqədar pul vəsaitlərinin itirilməsi və ya qazanılmış vəsaitlərin tam həcmdə alınmaması kimi hallara görə məsuliyyət daşımır. 

 

TİCARƏT RİSKLƏRİ 

Adi bazar şərtlərindən fərqli olan şəraitdə müştəri orderlərinin emal vaxtı arta bilər.

Hazırkı saytda verilən istənilən analitik məlumat yüz faiz gəlir əldə etməyə imkan verən əməliyyatlar üçün təlimat deyildir, sadəcə tövsiyə xarakteri daşıyır. 

Stop Loss səviyyəsinin nümayişi həmişə zərəri tamamilə məhdudlaşdırmaya bilər.

Valyuta bazarının əsaslarını, eləcə də ticarət platformasında işin əsaslarını bilməməklə bağlı risklər. 

 

KOMMUNİKASİYA RİSKLƏRİ 

Elektron poçt vasitəsilə, şifrələnməmiş formada göndərilən məlumat icazəsiz girişdən sığortalı deyildir. 

Məxfilik Siyasətinə uyğun olaraq şirkət müştəri məlumatlarını tam təhlükəsiz saxlamağa borcludur. Lakin, həmin məlumatlara üçüncü şəxslərin daxil olduğu halda (məs. müştərinin elektron poçtuna çıxış vasitəsilə), şirkət məsuliyyət daşımır. 

Şirkət müştəri tərəfdə texniki problemlər səbəbindən mühüm məlumatın alınmadığı halda müştərinin maliyyə zərərinə görə məsuliyyət daşımır. 

 

PSİXOLOJİ RİSKLƏR 

Ticarət diqqəti bir yerə cəmləməyi tələb edir. Buna görə də mənəvi və ya fiziki vəziyyət qeyri-stabil olduqda, pul vəsaitlərini itirmək riski var. 

Biz müştərilərimizlə uzunmüddətli əlaqələrə xüsusi diqqət yetiririk. Komandamız müştərilərin qayğısına qalır və onlara bütün mümkün riskləri diqqətlə öyrənməyi və öz ticarət üslublarına uyğun ticarət strategiyasını seçməyi tövsiyə edir. 

 

Maliyyə bazarlarında əməliyyatların aparılması ilə bağlı risklər haqqında hazırkı Bəyannamə ilə tanış oldum, yuxarıda qeyd olunan bütün riskləri anlayır və qəbul edirəm.